Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tələbələr Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak edib, burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən guşələr və eksponatlarla yaxından tanış olublar.
Ekskursiyanın davamı olaraq mərkəzdə dəyirmi masa keçirilib. Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil və gənclər siyasətinin inkişafı istiqamətində göstərdiyi xidmətlərdən bəhs olunub. Tələbələr tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, Ulu Öndərin zəngin siyasi irsinin bu gün də gənclər üçün örnək olduğu vurğulanıb.
Tədbirin keçirilməsində məqsəd tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və Ümummilli Lider Heydər Əliyevin irsinin gənc nəslə aşılanması olub.
