Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş “Tibb bacısı – şəfqət peşəsinin daşıyıcısı” adlı tədbir keçirilib.
Tədbirdə Sumqayıt Tibb Mərkəzinin Tibb bacıları şöbəsinin müdiri Qızılgül Bünyadova çıxış edərək “Sumqayıt Tibb Mərkəzində tibb bacılarının rolu və peşəkar inkişaf imkanları” mövzusunda təqdimatla çıxış edib. O, tibb bacılarının klinik fəaliyyətdəki rolunu, onların daimi təlim və ixtisasartırma imkanlarını, pasiyent məmnuniyyəti baxımından oynadıqları həlledici funksiyanı xüsusi vurğulayıb.
Daha sonra kollecin müəllimi Könül Qarayeva çıxışında təhsil prosesinin təşkilindən, tələbələrin klinik bilik və bacarıqlarının formalaşdırılmasından, simulyasiya və praktiki məşğələlərin əhəmiyyətindən bəhs edib.
Eyni zamanda kollecin tələbəsi Yunusova Ulduz bu peşəni seçməsinin səbəblərini və gələcək planlarını bölüşərək, tibb bacısı olmağın məsuliyyətli və şərəfli bir yol olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən sərgi təşkil olunub. Sərgidə tələbələrin hazırladığı plakatlar nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tələbələrin musiqi nömrələri, peşəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarına təşəkkürnamələr təqdim olunub.