
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nəsillərə nümunə olan ömür yolu” adlı şeir müsabiqəsi təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himnini səsləndiriblər.
Tədbiri kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov açaraq akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən, elmi və ictimai fəaliyyətindən ətraflı bəhs edib. O, Zərifə xanımın parlaq ömür yolunun bu günün gəncləri üçün örnək olduğunu xüsusi vurğulayıb.
Daha sonra tələbələr arasında Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş şeir müsabiqəsi keçirilib. Tələbələr öz qələm məhsullarını və seçdikləri şeirləri səsləndirib, akademikin zəngin mənəvi irsini öz poetik duyğuları ilə ifadə ediblər.
Tədbirin sonunda müsabiqədə fəallıq göstərən və fərqlənən tələbələr Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlarla təltif olunub.