Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllimləri tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri üçün sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici seminar təşkil olunub. Seminarın əsas məqsədi sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərin insan orqanizminə təsiri haqqında maarifləndirmək, həmçinin ilkin reanimasiya bacarıqlarını öyrətmək olub.
Nəzəri hissədə Kollecin müəllimləri Aynurə Kazımova və Arzu Hüseynova çıxışları zamanı düzgün qidalanma qaydaları, aktiv həyat tərzinin orqanizmə təsiri və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini xüsusi vurğulayıb, interaktiv təqdimatlar vasitəsilə praktiki tövsiyələr veriblər. Seminarın praktiki hissəsində isə Kollecin müəllimi, həkim Sevda Hüseynova tələbələrə Ürək-Ağciyər Reanimasiyası (CPR) üzrə təlim zamanı ürək dayanması halında ilk yardımın göstərilməsi qaydaları, sinə kompressiyası və süni tənəffüs metodlarını əyani şəkildə nümayiş etdirib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və onlara sağlam həyat tərzi ilə bağlı maarifləndirici materiallar təqdim olunub.