🥀“Xocalı şəhidlərinin əziz xatirəsi daim qəlbimizdədir. Unutmadıq, unutmayacağıq!”

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdən öncə kollecin müəllim və tələbə heyəti şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbirdə Xocalı faciəsinin tarixi əhəmiyyəti, erməni işğalçılarının törətdiyi vəhşiliklər və bu hadisənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu vurğulanıb.
Tədbirdə kollecin müəllim və tələbə heyəti ilə yanaşı, qonaq qismində Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti də iştirak edib. Tədbir çərçivəsində Sumqayıt Dövlət Texniki Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Famil Pirəliyevin ssenari müəllifi olduğu və kollecin tələbələrinin iştirakı ilə hazırlanan “Əmanət” qısametrajlı filminin təqdimatı keçirilib.
Tədbirin sonunda Sumqayıt Tibb Kollecinin rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunan “Fotoşəkillərdə Tarixin Ağrısı” adlı fotosərgiyə baxış keçirilib. Sərgidə Xocalı soyqırımını əks etdirən tarixi fotoşəkillər və materiallar nümayiş etdirilib. Sərgi iştirakçılara Xocalı faciəsinin dəhşətlərini bir daha xatırladaraq, bu hadisənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. 

Comments are closed.