Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Anım tədbiri kollecin rəhbərliyinin Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə başlayıb. Abidə önünə gül dəstələri qoyularaq Ulu Öndərə dərin ehtiram göstərilib.
Daha sonra tədbir zalında anım mərasimi davam edib. Tədbiri kollecin direktoru açaraq, Heydər Əliyevin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən, onun müstəqil Azərbaycanın qurulmasında və inkişafında oynadığı mühüm roldan danışıb. Direktor çıxışında Ulu Öndərin zəngin irsinin hər bir Azərbaycan vətəndaşı üçün dəyərli bir məktəb olduğunu vurğulayıb və gənclərin onun ideyalarını davam etdirmələrinin vacibliyini qeyd edib.
Tədbirdə həmçinin kollecin müəllimləri çıxış edərək, Heydər Əliyevin xalqımız üçün misilsiz xidmətlərindən bəhs ediblər. Onlar Heydər Əliyevin zəngin həyat yolunun və uzaqgörən siyasətinin Azərbaycan tarixindəki əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin bədii hissəsində kollecin tələbələri Ulu Öndərə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər. Tələbələrin səsləndirdiyi şeirlər Heydər Əliyevə olan dərin sevgi və ehtiramı ifadə edərək iştirakçılar arasında böyük ruh yüksəkliyi yaradıb.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib və dərin təəssüratlar yaradıb.